Bakı Dünya Robot Xəzər Kuboku 2026-ya Ev Sahibliyi Edəcək

Mətbuat üçün rəsmi press-reliz
Bakı, Azərbaycan | 27–28 iyun 2026
Bakı İdman Sarayında keçirilən World Robot Caspian Cup 2026 rəsmi mətbuat posteri

Azərbaycan robotexnika, innovasiya və mühəndislik sahəsində regionun ən nüfuzlu tədbirlərindən biri olan World Robot Caspian Cup 2026 (WRCC 2026)-ya ev sahibliyi edəcək.

Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, ICESCO, CİCA və WORSO - World Robot Sports Organization tərəfindən dəstəklənir. Yarışın ev sahibi SABIS SUN International School, təşkilatçısı isə AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasıdır.

Bu il “Dünya Robot Xəzər Kubokuna” rekord sayda müraciət daxil olub. İl ərzində keçirilən seçmə mərhələlərdə Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən 250-dən çox komanda800-dən artıq iştirakçı mübarizə aparıb. Böyük final mərhələsinə isə Azərbaycanın 20 regionunu təmsil edən 145 komanda və 8 qonşu ölkədən 12 beynəlxalq komanda vəsiqə qazanıb.

İki gün davam edəcək yarış çərçivəsində iştirakçılar robot futbolu, dron texnologiyaları, süni intellekt, avtonom sistemlər, mühəndislik layihələri və innovativ texnoloji həllər üzrə yarışacaqlar. Komandalar yalnız texniki bacarıqlarını deyil, həm də yaradıcılıq, komanda işi və problem həlletmə qabiliyyətlərini nümayiş etdirəcəklər.

Müsabiqənin İnnovativ İstiqamətləri

WRCC 2026 çərçivəsində keçiriləcək “Açıq Kateqoriya” müsabiqəsində iştirakçılar kənd təsərrüfatının rəqəmsallaşdırılması, Qarabağda təhlükəsizlik və minatəmizləmə texnologiyaları, həmçinin Xəzər dənizinin su səviyyəsinin azalmasının yaratdığı problemlərə innovativ həllər təqdim edəcəklər.

Yarışla yanaşı texnologiya sərgiləri, panel müzakirələri təşkil olunacaq. Tədbirin əsas məqsədi gənclərdə STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) istiqamətlərinə marağı artırmaq, gələcəyin mühəndislərini yetişdirmək və Azərbaycanın beynəlxalq robotexnika ekosistemində rolunu gücləndirməkdir.

Dünya Robot Xəzər Kuboku 2026 Azərbaycanın texnologiya və innovasiya sahəsində regional liderliyini nümayiş etdirən, gəncləri gələcəyin peşələrinə hazırlayan və ölkəmizi beynəlxalq robotika xəritəsində daha da ön plana çıxaran mühüm platformadır.

Tədbir Haqqında

  • Tədbir: World Robot Caspian Cup 2026
  • Tarix və Saat: 27–28 iyun 2026, Saat 10:00-da
  • Məkan: Bakı İdman Sarayı, SABİS Sun Beynəlxalq Məktəbi

Media ilə Əlaqə

World Robot Caspian Cup 2026 Təşkilat Komitəsi